endirimler.az


Bakidaki İnternet-Mağazalarin İcmali (14.09.09-cu il)
İnternet-mağazalar Avropada və dünyanın digər yerlərində artıq yayılmış hadisədir. Bizdə isə bu satış növü, demək olar ki, hələ inkişaf mərhələsindədir. Avropada potensial alıcıları həqiqi qiymətlərlə bağlı aldadan internet-mağazalar barədə məsələlər (adətən, çatdırılma qiymətləri göstərilmir və alınmış nöqsanlı orqtexnikanın dəyişdirilməsi imkanı barədə məlumatlandırılmır) müzakirə olunduğu zaman bizdə bazarın bu sektoru hələ yenicə dirçəlir.
İlk olaraq Azərbaycanda kompüter texnikasının satışı üzrə internet-mağazalar yarandı. Biz isə orqtexnikanı bu xidmət vasitəsilə əldə etmək imkanına artıq alışdıq. Bəs, qalan mallarla vəziyyət nə yerdədir? Bu sualı cavablandırmaq üçün mən respublikamızda fəaliyyət göstərən internet-mağazaları İnternetdə axtarmağa başladım. Məlum oldu ki, onların sayı iyirmiyə yaxındır.
Yeri gəlmişkən, virtual mağaza real mağazadan daha rahatdır, çünki belə olan halda icarəyə yer götürmək, çoxsaylı işçi heyətinə maaş vermək, iş cədvəli qurmaq və s. haqqında düşünmək lazım gəlmir. Divanda rahat əyləşib, televizora baxmaq və mağazanın elektron ünvanına yaxud telefonla gələn sifarişləri vaxtaşırı yoxlamaq olar.
www.aromat.az
Adından bəlli olur ki, saytda ətriyyat məhsulu təqdim olunur. Ətriyyatdan əlavə Siz həmçinin suvenir, gül, şokolad dəstləri, bijuteriya və çantalar sifariş edə bilərsiniz. Bu sayt daha çox qadınları sevindirmək istəyənlər üçündür. Əks cinsin nümayəndələri burada yalnız ətir əldə edə bilər. Çətin ki, kişilər özləri üçün epilyator yaxud fen sifariş etsinlər.
Saytda, təxminən, 100 adda ətir üzrə böyük seçim imkanının olması, həqiqətən, sevindirici haldır. Yeni daxil olmuş məhsula, məhz Bakıda populyar olan ətirlərə, həmçinin endirimli mallara baxmaq mümkündür.
Saytın sahibləri inandırır ki, burada 100% orijinal, brend malları təqdim olunur. Düşünürəm, buna əmin olmaq üçün, ilk olaraq, itirilməsinə heyfsilənmədiyiniz məbləğdə alış etmək lazımdır.
Mağazanın necə işlədiyini və informasiyanın həqiqətə nə qədər uyğun olduğunu yoxlamaq üçün mən oraya zəng edib, malların çeşidi və qiymətləri barədə qızdan kifayət qədər ətraflı məlumat aldım.
Mənə söylədiklərinə görə, uzun müddət fəaliyyətdə olduqları üçün onların müştəriləri həddən artıq çoxdur. Müştərilərinin kim olduğunu soruşanda, mənə dedilər ki, onların əksəriyyəti gün ərzində kompüter arxasında çalışan ofis işçiləridir. Malların çeşidi barədə öyrəndim ki, saytda təqdim olunan bütün mallar, həqiqətən, satışda var. Qiymətlərə gəldikdə isə, onların şəhər üzrə mövcud qiymətlərə uyğun olduğunu bildirdilər. Məsələn, bəzi malların qiymətləri “İdeal” mağazasındakı qiymətlər kimidir yaxud onlardan 2-3 AZN ucuzdur. 5 addan çox mal sifariş etdikdə alıcı 10% endirim əldə edir. Ancaq qiyməti ödənilmiş malı geri qaytarmaq mümkün olmayacaq. Həmçinin alıcılara ətrin iyini öyrənmək üçün qabını açmağa icazə verilmir. Onlar yalnız ödəniş etdikdən sonra bunu edə bilər. Amma hər halda mallar geri qaytarılmır.
Əgər Sizi malın qabı deyil, məhz özü maraqlandırırsa, Siz qabı zədələnmiş mal sifariş edib, qiymətində xeyli uda bilərsiniz. Məsələn, həcmi 50 ml, qiyməti isə 30 AZN olan Salvatore Ferragamo kişi ətrini 19 AZN qiymətinə almaq olar ki, bu da əsl qiymətindən 11 AZN ucuz başa gəlir.
Ən yaxşısı da odur ki, alacağınız malı 1-3 saat ərzində əldə etmək olar. Yeri gəlmişkən, çatdırılma haqqı artıq malın qiymətinə daxildir. Yəqin, məhz buna görə saytda bir çoxlarında təbəssüm doğura biləcək ifadə yerləşdirilib:
Xahiş edirik, kuryerə ÇAYPULU VERMƏYƏSİNİZ!!!
BİZDƏ ÇATDIRILMA PULSUZDUR!!!
Ödəniş həmçinin bank yaxud poçt köçürməsi vasitəsilə edilə bilər.
www.book.az
Bu mağaza yaxın vaxtlarda açılıb. Moskva və Rusiyanın digər şəhərlərinin internet-mağazaları və ticarət mərkəzlərindən kitab, jurnal, disk, texnika, hədiyyə, suvenir və başqa bir çox malların satışını həyata keçirir. Mağaza saytda aranan mallardan daha çox kitab satışına istiqamətlənir. Kitablar aşağıdakı bölmələr üzrə təqdim olunur: biznes haqqında ədəbiyyat, din və ezoterika, siyasət və cəmiyyət, tibb, uşaq ədəbiyyatı, məişət və asudə vaxt, idman haqqında ədəbiyyat, bədii ədəbiyyat, texniki ədəbiyyat, tədris ədəbiyyatı və, nəhayət, Azərbaycan ədəbiyyatı.
Bir neçə üsulla alış etmək mümkündür: İnternetlə, yəni, virtual zənbil vasitəsilə, yfxud telefonla. Malın saytda göstərilən dəyərinə onun əldə olunması və çatdırılması ilə bağlı bütün xərclər daxildir. Ona görə burada göstərilən son qiymətlərdir. Ancaq onlar əldə etdiyiniz endirimdən asılı olaraq endirilə bilər. Minimal 3%-lik endirim 200 AZN məbləğindən başlayaraq maksimal endirim 800 AZN məbləği üçün 10% təşkil edir. Bu zaman Siz VİP statuslu müştəriyə çevrilib daimi endirim əldə edirsiniz.
Saytda 1-3 gün və 1 həftədən 1 ayadək olan iki çatdırılma müddəti mövcuddur. Bunun səbəbini öyrənmək istəyəndə, mənə izah etdilər ki, çatdırılma müddəti mağazanın işçiləri tərəfindən lazım olan malın digər saytlarda nə zaman tapılmasından asılıdır. Ancaq onu Siz özünüz də tapıb, sonra harada tapdığınızı onlara xəbər verə bilərsiniz. Dəqiq çatdırılma vaxtını sifarişçi telefonla öyrənəcək yaxud bu haqda məlumat onun elektron ünvanına göndəriləcək. Hər halda çatdırılma müddəti 1 aydan çox çəkmir.
www.mayka.az
Adətən, maykalarla bağlı ideya, ilk növbədə, azmiqdarlı kapital yatırımı ilə yaxşı divident götürmək fikri olanları maraqlandırır. Mən özüm də dəfələrlə bu barədə düşünmüşəm.
Sayt sahibləri maykalarını məzəli adlandırır. Əslində, dizaynı üzərində özün çalışdığın maykanı geyinmək və ya kiməsə bağışlamaq, həqiqətən, maraqlıdır. Əgər siz öz təxəyüllünüzü işə salmaq istəməsəniz, burada Sizə hazır variantlar təqdim olunacaq.
“Qaraşınları sevirəm” yazısı olan ən ucuz maykanın qiyməti 16 AZN, ondan bir qədər bahalı “Subayam” yazısı olan maykanın qiyməti isə 18 AZN təşkil edir. Sarışın və qaraşın qızları sevənlər üçün 22 AZN qiymətinə “Hərəmxana tutaram” maykası var. Maykanı tematik prinsip üzrə seçmək daha asandır: ofis üçün, tələbələr üçün, bürclər üzrə, kompüter mövzulu, brend adları ilə, məzəli və s. “Azərbaycan”, “I love Baku”, “Baku” kimi vətənpərvərlik mövzusunda olan yazılar mənim daha çox xoşuma gəldi.
Əlbəttə, mən özümlə gətirdiyim mayka üzərinə rəsm çəkilməsinin mümkün olub-olmadığını öyrənmək üçün mağazaya zəng etdim. Mənə cavab verdilər ki, bu mümkündür və belə olan halda mən görülən iş üçün 4 AZN az ödəyəcəyəm.
Mağaza təşkilatçılarının təklif etdiyi maykalar 100%-lik pambıqdandır, satışda S-dən XXL-ə dək hər ölçüdə mayka var. Sifarişlər iş günləri telefonla, sutka ərzində on-line rejimində qəbul olunur.
www.topshop.az
Mağazada dərman, qida məhsulları və məişət texnikasından tutmuş elektronikaya dək bir çox mallar təqdim olunur. Burada hətta cəmaşirxana var. Sifarişlər həm telefonla, həm də internet vasitəsilə qəbul olunur.
Aptek, qida məhsulları və restoranlar kateqoriyasından olan malların ekspress çatdırılması təşkil olunur. Gün ərzində, saat 10.00-dan 22.00-a dək “Bibi”, “Finestra”, “Mado”, “Pəncərə”, “Pizza Hat”, “Anadolu” və “Yolki-Palki” restoranlarından hazır yeməklər sifariş etmək olar.
Əldə olunan malın dəyəri 10 AZN-dən az olarsa, çatdırılma haqqı 1 AZN təşkil edəcək. Əgər Siz daha böyük mabləğdə mal alsanız, çatdırılma pulsuz olacaq.
Virtual mağazanın daimi müştəriləri üçün “777” adlı klub yaradılmışdır. Yaxın zamanda onlar endirimlər, hədiyyələr, sürprizlər və tədbirlər kimi müəyyən imtiyazlardan istifadə edə bilər.
Hər həftə təzələnən ”Hədiyyəli mallar” kateqoriyasında təqdim olunmuş mal əldə etdikdə alıcı öz sifarişinə əlavə olaraq kiçik bir hədiyyə alır: məsələn, yataq dəsti əldə edənə - fincan, “Philips” firmasından şirəçəkən alana isə buxarlı ütü verilir.
Saytda iki maraqlı bölmə var: biri, yəqin ki, xoş rəylər, o biri isə şikayətlər üçündür. Maraqlıdır, hansı daha çoxdur?
Qiymətlərə dair onu deyə bilərəm ki, ətir qiymətləri kimi onların bəziləri adi mağazalarda olduğundan daha ucuz, texnika isə (plazma və LSD ekranlı televizorlar, soyuducular), əksinə, bir qədər baha göründü. Hərçənd ki, qiymətlər də zövqlər kimi müxtəlif olur.
www.vitru-art.com
Bu, sadəcə İnternet-mağaza deyil, Virtu Art Collection deyilən bütöv bir bədii qalereyadır. Qalereya sahiblərinin dediyinə görə, burada Azərbaycan bədii incəsənətinə aid ən yaxşı əsərlər təqdim olunmuşdur. İncəsənəti dəyərləndirən adamlar hazır rəsmlər, qobelenlər, heykəllər və s. sifariş edə bilər. Həmçinin portret sifariş etmək yaxud bədii sərgi təşkil etmək mümkündür. Hər hansı bir yerin dizaynını dəyişmək istəyənlər üçün burada interyerin işlənib hazırlanması üzrə xidmətlər mövcuddur.
Saytda, əsasən, rəsmlər sərgilənir. Onlar rəsm texnikası üzrə bölünmüşdür. Əgər xoşunuza gələn rəsm əsərinə daha yaxından baxmaq istəsəniz, Siz onu bütün ekran boyunca böyüdə bilərsiniz. Düzünü desəm, buradakı rəsmlər məni çox təsirləndirdi.
Mağazanın mövcud olması haqda informasiyanın mənbəyini göstərməklə on-line rejimində və telefon vasitəsilə sifariş vermək olar.
“Haqqımızda” bölməsində deyilir ki, sayt müəyyən dairələrə, yəni kolleksiyaçılara, art-dilerlərə, korporativ və muzey kuratorlarına, dizaynerlərə, interyer tərtibatçılarına, həmçinin xalq incəsənəti həvəskarlarına aiddir. Düşünürəm ki, malların qiymətlərinin göstərilməməsi səbəbi də elə bundadır. Yoxsa yüksək qiymətlərlə kütləvi istehlakçıları qaçırmaq nəyə lazımdır?
Saytın hər bir bölməsinin ayrılıqda açılması, yəni Sizi maraqlandıran mövzuya birbaşa keçmək imkanının olmaması, sözsüz ki, saytın nöqsanıdır. Bu, adamı bir qədər yorur.
Sifariş etdiyiniz malın Bakının istənilən nöqtəsinə çatdırılması haqqında xəbər Sizi məmnun edər. Ümid edirik ki, bu xidmət pulsuzdur.
www.mediclub.terasell.com
Bu, virtual ticarət mərkəzidir. Burada ürəyiniz istəyən hər bir malı sifariş etmək olar. Bu, mağazalar və mallar portalıdır. Potensial alıcı eyni login və parol ilə mərkəzin tərkibinə daxil olan hər bir mağazaya baş çəkə bilər. Bir dəfə qeydiyyata alınandan sonra haqqınızdakı məlumatı təkrarən daxil etmədən daim alış etmək olar. Həmçinin sifarişlərinizin tarixçəsini izləmək, alıcılar cəmiyyətində iştirak etmək və xüsusi proqramlarda (kampaniyalarda) güzəştlərə sahib olmaq mümkündür.
Mallar saytda kateqoriyalar üzrə təqdim olunur. Onlardan bir qədər aşağıda isə mağazaların siyahısı yerləşir. Sizi maraqlandıran malı kateqoriyalar üzrə tapmaq daha asan olar. ”AFCom Electronics” kimi bəzi mağazaların səhifələrində çoxlu sayda mal göstərilir, ancaq, məsələn, “Koza” mağazasının səhifəsində yalnız bir elan yerləşir. Bu da aydın məsələdir. Axı bu mağaza açıqça mağazası kimi fəaliyyət göstərir.
Hədiyyə etmək istəyən, ancaq nə alaçağını bilməyənlər göstərilən adamın evinə və ya ofisinə çatdırılacaq Hədiyyə sertifikatı əldə edə bilər. Sertifikat vasitəsilə seçilmiş hədiyyəni ödəmək olar. Sertifikatlar dizayn və qiymətinə görə fərqlənir. Əgər o, sifariş olunan malın dəyərinin bir hissəsini ödəyirsə, onun qalan hissəsi nağd ödənilir.
Ödəməni üç üsulla, yəni çatdırılma zamanı nağd pulla, kredit kartı və Hədiyyə sertifikatı vasitəsilə aparmaq mümkündür. Kiçik sifarişlər skuterlər tərəfindən, daha böyük və ya bahalıları minik maşını, iri sifarişlər isə yük maşını vasitəsilə çatdırılır. Çatdırılma qiyməti sifariş saytda sənədləşdirilən zaman göstərilir: skuterlər üçün 1.50 AZN-dən maşınlar üçün 3 AZN-ə dək, şəhərkənarı ərazilər üçün isə 3 – 6 AZN təşkil eidr. İri mallar (soyuducular, etc telesistemləri) yük maşınları ilə 5-25 AZN qiymətinə çatdırılır.
Sifariş hələ göndərilməmişdirsə, dispetçerə zəng edib onu geri götürmək olar. Əgər Siz mal çatdırıldıqdan sonra sifarişinizi geri götürmək niyyətinizi bildirsəniz, o zaman onu ödəməli olacaqsınız. Qaydaları pozan müştərilər qara siyahıya daxil edilir və onlara bir daha xidmət göstərilmir.
Malın keyfiyyətinə görə mağaza məsuliyyət daşıyır. Aldığınız mal ilə bağlı şikayətiniz olarsa, Siz saytda göstərilən telefon nömrəsinə zəng edib mağazanın menecerinə müraciət edə bilərsiniz. Sayt müəllifləri ünvanına çoxsaylı şikayətlər daxil olan mağazanı ticarət mərkəzindən kənarlaşdıracağına söz verir.
Alış-verişiniz uğurlu olsun!
Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovadan müstəqil icmal
14 sentyabr 2009-cu il

