endirimler.az

Bank əmanətləri və depozitlərinin icmalı (05.09.2009-cu il)

Əmanətlərin şərtləri. Azərbaycan bankları nə təklif edir?

Əgər Sizin müəyyən məbləğdə pulunuz varsa və Siz o puldan mənfəət qazanmaq istəyirsinizsə, yəqin ki, digər variantlar sırasında bankda pul yerləşdirmək variantına da nəzər yetirərsiniz. Amma müəyyən vaxtdan sonra əmanətinizi gözlədiyiniz faizlərlə qaytara biləcək bankı necə seçməli? Bu, kifayət qədər çətin məsələdir. Nə üçün? Çünki banklar da, depozitlər (əmanətlər) üzrə təkliflər də çoxdur. Təkliflərin müxtəlifliyindən baş gicəllənir. İlk baxışdan bütün variantlar cəlbedici görünür. Əmanətdən daha çox gəlir götürmək istəyi Sizi, ilk növbədə, ən yüksək faiz dərəcələri olan təkliflərə baxmağa vadar edir. Bu, düzdür. Ancaq bankın maliyyə sabitliyi məsələsini də unutmaq olmaz.
Pullarınızı etibar edəcəyiniz bankın maliyyə durumunu qiymətləndirməyə çalışın. Onun aktivlərinin həcmini, gəlirin təmin olunacağını, müflisləşdiyi halda kompensasiya ödəmək qabiliyyətini, yəni bankın ADİF-in (Əmanətlərin Sığortalanması Fondu) üzvü olub-olmamasını öyrənin. Bu gün ölkəmizdə fəaliyyət göstərən 46 bankdan 39-u bu təşkilatın tərkibinə daxildir. Əgər cavablar Sizi qane edərsə, belə bir məsləhətdən istifadə edin: depozit sığorta depoziti ödəyəcəyi həcmdə açılsa daha yaxşı olar, çünki bu, hər hansı riski istisna etməyə imkan verir. Fond tərəfdən ödəniləcək əmanət üzrə kompensasiya həcmi 1 yanvar 2010-cu il tarixinə dək 100% təşkil edir, lakin bu, 6 min manatdan yuxarı ola bilməz. Deməli, depozitin özünü də 6 min manatdan yuxarı həcmdə açmaq lazım deyil. 2010-cu ilin yanvar ayından etibarən bu rəqəm 15%-ə dək dərəcə üzrə əmanətlər üçün 30 min manat təşkil edəcək. O zaman depoziti bu məbləğ çərçivəsində, müxtəlif banklarda və ya bir bankda ancaq müxtəlif növ əmanət şəklində yerləşdirmək olacaq. Nəzərə alın ki, faiz dərəcələri depozitin müddəti və valyutasından asılı olaraq dəyişir. Depozit manatla yaxud dollarla olarsa faiz dərəcələri daha yüksək olar.

Əmanətlər 2 böyük qrupa ayrılır: tələblimüddətli əmanətlər. Tələbli əmanətlərdə Siz pul vasaitinin hamısını yaxud bir hissəsini istənilən vaxt ala bilərsiniz. Lakin bu əmanətlərdə faiz dərəcələri minimal, yəni 1%-dən 2%-ə dək olur. Müddəti 3-5 il olan müddətli əmanət daha əlverişlidir. Əgər Sizin rəsmiləşdirdiyiniz əmanət 1000 AZN/USD məbləğindədirsə, o zaman Siz, faizlərin müddətin sonunda ödənilməsi şərtilə, artırma və azaltma imkanı olmadan, illik 19% alacaqsınız. EURO ilə faiz dərəcəsi bir qədər aşağıdır, ən yüksək faiz dərəcəsi illik 13,2% təşkil edir.

Vəsait əmanətçinin hesabına keçirilir və növbəti təqvim günündən başlayaraq faizlər bank tərəfindən əmanət məbləğinin üzərinə hesablanır. Faizləri əvvəlcədən, ayda bir dəfə, hər rüb, ilin və ya müddətin sonunda almaq olar. Sonuncu halda faiz dərəcəsi bir qədər yüksəkdir. Depozit üzrə faizlər depozit müddəti ərzində hər gün hesablanır. Təsbit edilmiş faiz dərəcələri Müqavilənin qüvvədə olduğu müddətdə dəyişmir, üzən faiz dərəcələri isə uçot dərəcəsi, birja indeksləri və s. kimi dövlətdə mövcud olan bu və ya digər maliyyə indikatorlarından asılı olaraq dəyişir. Üzən faiz dərəcəsi olduğu halda bank adətən, əmanətdən minimal gəlir faizinə təminat verir, maksimal gəlir dərəcəsi isə çox yüksək göstəricilərə çatdırıla bilər. Üzən faiz dərəcəsi gəlirin əldə edilməsini proqnozlaşdırmağa imkan vermir, lakin müəyyən hallarda bu gəlir çox yüksək ola bilər.

Faizlər hər dövrün sonuncu iş günündə ödənilir. Bu zaman hesablanmış faizlər əmanətçinin seçimi ilə “Tələbli” depozit hesabına, cari bank hesabına yaxud xüsusi kart hesabına daxil edilir.

Faizləri hər ay kapitallaşdırılan əmanətlər ən yüksək mənfəət verə bilər o şərtlə ki, depozitə daxil edilmiş məbləğ 3000 manatdan az olmasın, depozitin müddəti isə bir il və daha çox təşkil etsin. Baxmayaraq ki, bu əmanətlərdə minimal məbləğ 50 manatdan başlayır, onların faiz dərəcələri aşağıdır. Bu əmanətlərin işləmə sxemi ondan ibarətdir ki, faizlər əsas məbləğin üzərinə ayda yaxud rübdə bir dəfə hesablanır və əmanət məbləğinə əlavə edilir, yəni faizlər təkcə ilkin ödəniş məbləğinin üzərinə deyil, həm də ötən hesabat dövrü üçün hesablanmış gəlir üzərinə əlavə hesablanır. Bu, hər ay yaxud hər rüb ərzində davam edir. Ümumi məbləğ əmanət haqqında müqavilənin müddəti bitdiyi gün ödənilir.

Əmanət məbləğinin artırılması və ya azaldılması əmanət rəsmiləşdirilən zaman belə bir imkanın seçildiyi halda mümkündür. Bəzi əmanətlərə görə Siz hesabda azalmayan qalıq qoymaqla oradan pul götürə bilərsiniz, digər əmanətlərə görə müqavilənin müddəti bitməyincə hesabdan, ümumiyyətlə, pul götürmək olmaz. Hesaba əlavə pul daxil etməyə belə məhdudiyyət qoyulur. Bəzi banklarda əlavə yatırım həcminə məhdudiyyət qoyulur, bəzilərində yalnız bir neçə ay ərzində pul əlavə etmək olur, digərlərində isə həm birinci, həm ikinci variant mümkündür.

Əgər Siz depoziti bir valyutadan digərinə konvertasiya etmək istəyirsinizsə, bunu əmanət qüvvədə olduğu müddət bitdikdən sonra edə bilərsiniz. Multivalyuta əmanəti bu sırada istisna təşkil edir.

Ən uzunmüddətli əmanətlərdən biri “Uşaq” əmanətidir. Bu əmanət uşağın 10 yaşına dək rəsmiləşdirilir və uşaq həmin əmanət vəsaitini 18 yaşı tamam olduqda götürür. Depozit məbləği müştərinin istəyi ilə, yalnız uşağın 10 yaşı tamam olana dək artırıla bilər. Minimal əmanət məbləği 200 manat təşkil edir. Faizlər müddət başa çatdıqda ödənilir. Bu növ əmanət 200 manatdan yuxarı olarsa illik 25,0% dək (İBA), minimal əmanət məbləği 1000 manat olarsa (Kapital Bank) illik 35% gəlir gətirə bilər.

Əgər hər hansı səbəbdən Siz (müştəri) qüvvədə olduğu müddət bitməzdən əvvəl müqaviləni pozsanız, o zaman əmanət üzrə hesablanmış faizlər ödənilməyəcək. Əvvəlcə hesablanmış və müştəri tərəfindən alınmış faizlər ümumi əmanət məbləğindən çıxılacaq.

Əgər müddət bitdikdə əmanətçi əmanətini tələb etməzsə və bank müqavilənin müddətini uzatmağa razı olarsa, müqavilə bu müddətə uzadılmış hesab olunur. Pul vəsaitinin ikinci dəfə yerləşdirilməsi müddəti bitdikdə müştəri banka müraciət etməli və əmanəti yenidən rəsmiləşdirməlidir. Əgər müştəri əmanəti yenidən rəsmiləşdirməzsə, əmanət məbləği faizlər əlavə edilmədən müştərinin cari hesabına köçürülür. Əmanət müddəti notarial formada təsdiq edilmiş etibarnamə əsasında üçüncü şəxs (qohum, tanış və s.) tərəfindən uzadıla bilər. Lakin belə də ola bilər ki, bank müqavilənin müddətini uzatmağa razı olmasın. Belə olan halda əmanət əvvəlcədən edilmiş rəsmi xəbərdarlıqdan sonra əmanətçiyə qaytarılır.

Ən yüksək faiz dərəcəli 10 min manata dək olan əmanət məbləğlərini nəzərdən keçirək.
Əmanət üzrə faiz dərəcəsi müştərinin öz vəsaitlərini əmanət olaraq yerləşdirdiyi üçün aldığı mükafatı müəyyən edən dərəcədir.

Bank
Əmanətin adı
Faiz dərəcəsi
Valyuta
Min. məbləğ
Müddət
Hesabın yüklənməsi
 
Atrabank
«< 16»
15.00
USD, AZN
50
24 ay
+
 
AccessBank
“Azad”
17.00
USD, AZN
50
18 ay
+
 
Nikoil Bank
“Sosial”
15.00
USD, AZN
100
12 ay
-
 
Azerdemiryolbank
“Qırmızı”
15.00
AZN
100
24 ay
+
 
Kapital Bank
“Uşaq Yığım”
16.00
AZN
100
36 ay
+
 
Parabank
“Əmək”
14.50
AZN
200
9 ay
+
 
Nikoil Bank
“Əsaslı”
16.00
USD, AZN
200
36 ay
-
 
Parabank
“Əmək”
17.50
AZN
200
12 ay
+
 
NBC Bank
“Müddətli”
21.00
AZN
200
60 ay
-
 
Royal Bank
“Təminat”
15.00
EURO, USD, AZN
250
9 ay
+
 
AtaBank
“Optimal”
14.00
USD, AZN
300
24 ay
-
 
Royal Bank
“Uşaq”
16.00
EURO, USD, AZN
300
18 ay
+
 
MuganBank
“Favorit”
19.00
AZN
500
18 ay
-
 
Parabank
“Ekstrim”
21.50
AZN
500
48 ay
+
 
MuganBank
“Meqa”
18.00
AZN
1000
12 ay
-
 
AtaBank
“Super Maksimal”
21.00
USD, AZN
1000
18 ay
-
 
Kapital Bank
“Rekordçu”
21.00
USD, AZN
1000
60 ay
-
 
IBA
Uşaq”
25.00
USD, AZN
200
120 ay
+
 
Kapital Bank
“Gələcəyə inamla”
35.00
USD, AZN
1000
120 ay
-
 
Kapital Bank
“Kapital”
11.00
AZN
1500
36 ay
-
 
DekaBank
“Depozit”
16.00
AZN
2000
18 ay
-
 
Rabitabank
“Kapital”
15.00
USD, AZN
3000
18 ay
-
 
Rabitabank
“Kapital”
15.30
USD, AZN
3000
24 ay
-
 
Nikoil Bank
“Universal”
15.00
USD, AZN
5000
24 ay
-
 
AccessBank
“Azad”
18.00
USD, AZN
5000
18 ay
+
 
DekaBank
“Depozit”
18.00
AZN
5000
24 ay
-
 
NBC Bank
“V.İ.P.”
17.00
AZN
10000
12 ay
+
 
DekaBank
“Depozit”
21.00
AZN
10000
48 ay
-
 
DekaBank
“Depozit”
22.00
AZN
10000
60 ay
-


Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovadan müstəqil icmal